ŞÜKÜR ETMƏK NƏFSƏ QARŞI QALXANDIR

Şükür Quranda ən çox vurğulanan mövzulardan biridir. Təxminən yetmiş ayədə şükür etməyin əhəmiyyətinə diqqət çəkilir, möminlərə şükür etmələri xatırladılır, şükür edənlərin və şükür etməyənlərin misalları çəkilir, aqibətlərindən danışılır. Şükrün Quranda bu qədər önəmlə vurğulanmasının səbəblərindən biri imanın və tovhidin göstəricilərindən biri olmasıdır.

Şükür bütün nemətlərin tək sahibinin Allah olduğunun və ancaq Ondan gəldiyinin şüurunda olmaq, bunu qəlblə və dillə ifadə etməkdir. Şükür etməyin əksi isə Quranda nankorluq mənasını verən "küfr" termini ilə təyin olunur. Sadəcə bu təsvir şükür etməyin Allah qatında nə qədər əhəmiyyətli bir ibadət olduğunu və bu ibadətdən uzaqlaşmağın insanı nə qədər pis mövqeyə apardığını görmək üçün kifayətdir. Bir ayədə şükür etmək, "Allah’a ibadət etmə" yin şərtlərindən biri kimi belə bildirilir:

"Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allah`a ibadət edirsinizsə, Ona şükür edin!" (“Bəqərə” surəsi, 172)

Quranın digər ayələrində isə şükür etmək şərik qoşmağın əksi olan Allah`a qulluq etmək ifadəsi ilə birgə qeyd edilmişdir:

"Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allah`a ibadət et və şükür edənlərdən ol!” (“Zumər” surəsi, 65-66)

Şeytan insanları şükür etməkdən döndərmək istəyir

Qürur, həsəd və qısqanclığına görə qiyamətə qədər bütün həyatını insanları azdırmağa həsr etmiş şeytan insanın şükürdən uzaqlaşmağını böyük bir müvəffəqiyyət hesab edir. Şeytanın əsas hədəflərindən birinin insanları şükürdən döndərmək olduğunu nəzərə aldıqda, şükür etməyən insanın necə böyük azğınlıq içində olduğu daha aydın olur.




Şükür etməyin nə qədər əhəmiyyətli bir məsələ olduğunu başa düşmək üçün Quranda ibrət kimi verilən iblisin aşağıdakı sözləri çox əhəmiyyətlidir:

"(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən” (“Əraf” surəsi, 16-17)

Şükür imtahanın bir hissəsidir. Allah insana qatından saysız-hesabsız nemətlər verir, ona necə davranmalı olduğunu bildirir və onun bu nemətlər qarşısındakı rəftarını sınayır. Bu, aşağıdakı ayələrdə belə bildirilir:

"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun." (“İnsan” surəsi, 2-3)

Ayədə sınaqdan keçirilən insanın iki yoldan birini, yəni şükrü və ya nankorluğu seçəcəyi ifadə edilmişdir. Buna görə də ayədə şükür etməyin imanla, şükür etməməyin isə inkarla bərabər tutulduğu görünür.

Əzabın təməlində də Allah, şükür etməməyin olduğunu ayələrdə bildirir. Ayələrdə Allah, iman gətirib şükür edənlər üçün əzabın olmayacağını belə müjdələyir:

"Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir. " (“Nisa” surəsi, 147)

Bu ayədən göründüyü kimi, Allah şükrün qarşılığını verəcəyini, şükür edənlərə nemətlərini artıracağını və onları mükafatlandıracağını Quranın digər bir çox ayəsində də bildirmişdir. Bu ayələrdən bəziləri belədir:

"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir." (“İbrahim” surəsi, 7)

İman gətirib yaxşı işlər görən qullarına Allah`ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir." (“Şura” surəsi, 23)

Lut qövmü də xəbərdarlıqları yalan saydı. Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik - Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq. (“Qəmər” surəsi, 33-35)

"Əgər Allah’ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (“Nəhl” surəsi, 18) ayəsində bildirildiyi kimi, Allah`ın nemətlərini tək-tək saya bilmək, hətta nemətləri növlərə bölərək saymaq belə mümkün deyil. Nemətin sərhədi olmadığı kimi, şükür etməyin də bir sərhədi yoxdur. Buna görə də insan daima şükür etməli, Allah`ın nemətlərini xatırlamalı, yadda saxlamalı və tez-tez təfəkkür etməlidir.

Hər an şüküredici olmaq

Bəzi insanlar şükür etmək üçün onlara çox böyük, xüsusi bir nemətin gəlməsini və ya böyük problemlərinin həll olunmasını gözləyirlər. Halbuki, bir az diqqət yetirdikdə, insanın hər anının nemət içində keçdiyi görünür. Həyatı, sağlamlığı, ağlı, şüuru, beş duyğu orqanı, nəfəs aldığı hava və bunlara bənzər saysız - hesabsız nemətlər ona hər an fasiləsiz təqdim olunur. Bu nemətlərin hər birinə görə isə ayrı-ayrı şükür etmək lazımdır. Allah`ı anmaqda, təfəkkürdə tənbəl davranan insanlar qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olarkən bilmir, bunların şükrünü etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman dəyərlərini anlayır və nankorluqlarının nəticəsi ilə qarşılaşırlar.

Quranda Allah`ın insanlara şükür etməsi üçün verdiyi müxtəlif nemətlər sayılır və bunların şükürlərinin edilməsi təkrar-təkrar öyüd-nəsihətlə xatırladılır. Bu nemətlərdən bəziləri bunlardır: insanın düzgün şəkildə yaradılıb var olması, eşitmə, görmə və digər hisslərin verilməsi, Allah`ın insanlara gözəl əxlaqı öyrətməsi, ayələrini açıqlaması, möminləri təmizləməsi, günahların bağışlanması, ibadətlərdə asanlıq verilməsi, möminlərin əziyyətlərdən qurtarılması, insanların dünyada məskunlaşdırılıb onlara dolanışıq vasitələri verilməsi, insanlar üçün içiləcək suyun yaradılması, torpağın verdiyi məhsullar, heyvanların insanların xidmətinə və faydasına təqdim olunması, dənizin insanların əmrinə verilməsi, dənizdən çıxan məhsullar, bəzək əşyaları, dənizdə üzən gəmilər, gecə ilə gündüzün yaradılması...

Şükür etməklə bağlı xəbər verilən bir sirr isə Allah`ın Quranda və xarici dünyada yaratdığı ayələri (dəlilləri) ancaq çox şükür edənlərin anlaya biləcəyidir. Bu ayələrdən bəziləri belədir:

"Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə (çox asanlıqla) bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik." (“Əraf” surəsi, 58)

"Biz Musanı möcüzələrimizlə göndərib( ona): “Xalqını qaranlıqdan nura çıxart və Allah`ın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır." (“İbrahim” surəsi, 5)

"Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allah`ın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir. (“Loğman” surəsi, 31)

"Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbirli və şükür edən hər kəs bundan ibrət alar." (“Səbə” surəsi, 19)




Allah`ın bu ayə və dəlillərinin hikməti ancaq çox şükür edənlərin əldə etdikləri qavrayış və həssaslıqla aydın ola bilər. Nankor və laqeyd insanlar isə Allah`ın ayələrinin hikmətlərini anlaya bilməz, hətta bu ayələrin fərqinə belə vara bilməzlər.

Quranda Allah`ın peyğəmbərlərə həmişə şükür etməyi tövsiyə etdiyini görürük. Hz. Musa da bu peyğəmbərlərdəndir:

"(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”." (“Əraf” surəsi, 144)

Quranda misal göstərilən bir möminin yetkinlik dövrü - qırx yaşına çatdığı zaman etdiyi duada Allah`dan ilk olaraq Onun nemətinə şükür edən olmağı istəməyi də şükür etməyin əhəmiyyətini göstərir:

"Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (“Əhqaf” surəsi, 15)

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsəd üçün yaratmışdır. İnsana verilən hər şey insanın Allah`a şükür etməyi üçün bir nemətdir. Nemətin verilməsi o neməti istifadə edən insanı Allah`a yönəltməlidir. Çünki verilən hər şey qarşılığında Allah`a şükür etməyi tələb edir.

Şükür nəfsə qarşı bir qalxan kimidir

Şükür həm böyük bir ibadətdir, həm də insanı azğınlaşmaqdan qoruyan bir qalxan kimidir. Çünki insan nəfsində zənginlik və ya güc tapdıqda zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa qarşı meyil etmə vardır. Zənginləşib yaxşı imkanlara sahib olsa, acizliyini unutmağa və qürurlanmağa başlayır. Şükür isə bu azğınlığa mane olur.

Şükür edən insan bilir ki, əlinə keçən hər neməti ona verən Allah`dır. Bu neməti də Allah`ın yolunda, Onun istədiyi şəkildə istifadə etməklə məsuldur. Yüksək mövqe, böyük mülk və hakimiyyət verilən hz. Davud və hz. Süleymanın təvazökarlıq və kamilliklərinin bir səbəbi də həmişə şükür etmələridir. Ona verilən mülkə görə azğınlaşan Qarunun da səhvi şükür etməyi bilməməsidir.

Əgər mömin ona verilən nemətlərə görə azgınlaşmayacağını, qürurlanıb öyünməyəcəyini etdiyi şükürlə Allah`a göstərsə, Allah da ona daha çox nemət verər. Allah`ın Quranda verdiyi "O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir." (“İbrahim “surəsi, 7) hökmü bunu açıq şəkildə ifadə edir.

Şükür təkcə Allah`a sözlə həmd etməklə deyil, Rəbbimizin verdiyi bütün nemətləri Haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi, Allah rizası üçün istifadə etməklə məsuldur. İlk növbədə də, Allah`ın ona verdiyi bədəni Onun razılığını qazanmaq üçün istifadə etməlidir.

Quranda Allah`ın nemətlərinə şükür etməyin bir yolunun da Onun nemətləri haqqında başqalarına danışmaq, yəni din əxlaqını təbliğ etmək olduğu belə ifadə edilir:

"Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!"
(“Duha” surəsi, 5-11)