İSTƏK VƏ HƏVƏSLƏRİNİ İLAHLAŞDIRANLAR

Əvvəlki hissədə nəfsin iki tərəfli olduğunu, Allah`ın nəfsə pisliyi və ondan çəkinməsini ilham etdiyini vurğulamışdıq. Quran nəfsin pisliyini ifadə etmək üçün çox vaxt "həva" terminini də istifadə edir. Həva lüğətdə "istək, həvəs, nəfsin arzu və istəyi, şəhvət, şəhvətə qarşı güclü meyil, insanın pozulmasına yol açan bütün mənfi daxili təsirlər" şəklində təyin olunur.

İnkarçılar nəfsin bu mənfi tərəfini, yəni həvəsini tək yol göstərici və məqsəd hesab edirlər. Bütün həyatlarını dünyəvi istəklərini gerçəkləşdirmək üçün yaşayırlar. Buna görə də zehinlərini həvəslərini razı salmağa yönəldirlər və dinin insana öyrətdiyi həqiqətləri qavramayacaq vəziyyətə gəlirlər. Allah nəfslərinə tabe olan insanların Quranı və peyğəmbərin təbliğini qavraya bilmədiklərini belə bildirir:

Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: “O, bayaq nə deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar. (“Muhəmməd” surəsi, 16)

Nəfsini örtən, nəfsinin fücuruna təslim olan bir insan hər hadisədə və mühakimədə nəfsinə müraciət edər. Doğrularında və səhvlərində nəfsinin istəkləri meyar olur. Bu insan artıq öz nəfsinə ibadət edir. Quranda insanın bu vəziyyətə gəlməsi "öz nəfsini ilahiləşdirən" adlandırılır:

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (“Casiyə” surəsi, 23)

Nəfs və istəklərinə uyğun hərəkət edən və bunun nəticəsində bəsirəti bağlanan insanlar Quranda görməyən və eşitməyənlər kimi bildirilir. Ağlından istifadə edən möminlər isə yaxşı ilə pisi ayırd edən anlayışa (fərasətə) və hadisələri analiz etmək qabiliyyətinə, qavrayışına (bəsirətə) sahib olurlar. Quranda nəfsinin istəklərinə tabe olduqları üçün ağıllarından isitifadə etmək qabiliyyətlərini itirən insan və azğın cəmiyyətlərlə bağlı bir çox ayə var:

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (“Maidə” surəsi, 77)

De: “Allah`dan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”. (“Ənam” surəsi, 56)

Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki, məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! (“Ənam” surəsi, 119)

Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (“Rad” surəsi, 37)

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (“Furqan” surəsi, 43)

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (“Nisa” surəsi, 135)

Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allah`ın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. (“Rum” surəsi, 29)

Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan! (“Ta ha” surəsi, 16)

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (“Muminun” surəsi, 71)

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allah`ın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allah`a olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allah`ın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allah`ın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. (“Maidə” surəsi, 48-49)

İnsanları Allah`ın bildirdiyi kimi din əxlaqını yaşamaqdan uzaqlaşdıran ən əhəmiyyətli amillərdən biri ağıl və vicdanları ilə deyil, nəfsləri ilə düşünmələridir. Başqa sözlə desək, öz istək və ehtiraslarına görə hərəkət etmələridir. Bu da həmin insanların haqqa deyil, batilə itaət etmələrinə, həm özlərinə, həm də ətraflarına maddi, mənəvi böyük çətinliklər yaratmalarına səbəb olur. Allah Quranda nəfsin insanları həmişə pisliyə istiqamətləndirdiyini bildirmişdir.

...Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (“Yusuf” surəsi, 53)



Başqa bir ayədə isə insanların öz istək və ehtiraslarına tabe olmalarının böyük bəlalara səbəb olacağı belə xəbər verilmişdir:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (“Muminun” surəsi, 71)

Hər işində Allah`a güvənən bir insan çox güclü insan deməkdir. Bundan üstün bir güc yoxdur və Allah diləmədikcə iman gətirən insana heç bir zərər gələ bilməz. Aciz və möhtac insan üçün Allah`ın dostluğundan daha üstün güc yoxdur. Buna görə də mömin üçün mal, mülk, vəzifə kimi digər dünyəvi imkanlar heç bir zaman həyatlarının məqsədi olmaz. Bunları ancaq Allah`ın neməti və Onun yolunda istifadə edilməli imkanlar kimi qiymətləndirir. Bir ayədə belə buyurulur:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (“Kəhf” surəsi, 46)

Yuxarıdakı ayədə diqqət çəkildiyi kimi qürurlu insanlar üçün uşaqlar da mal-dövlət kimidir, onları göstəriş üçün və öyünmə vasitəsi kimi istifadə edirlər. Sahib olduqları uşaqların hər cür xüsusiyyətlərindən özlərinə pay çıxarır və onlara həyat verən özləri imiş kimi bir böyüklənmə hissinə qapılırlar. Övladlarını onlara verilmiş bir nemət və Allah`ın istədiyi kimi yetişdirilməli bir əmanət olaraq deyil, başqaları ilə rəqabət edəcəkləri bir vasitə olaraq görürlər. Buna görə də bu insanlar üçün övladlarının nə yedikləri, nə geyindikləri, hansı məktəbə getdikləri, avtomobil və peşə sahibi olmaları kimi məsələlər çox əhəmiyyətlidir.

İnsanlar arasında geniş yayılmış "nümayiş xəstəliyi" təkcə onların uşaqları ilə məhdudlaşmır. Cəmiyyətin böyük hissəsini təşkil edən bu insanlar yedikləri və içdikləri, geyindikləri, sürdükləri maşınla, yaşadıqları ev və içindəki əşyalarla bir-birlərinə nümayiş göstərirlər. Maraqlısı budur ki, məqsədləri həyatları boyu etdikləri hər şeyin başqaları tərəfindən təqdir edilməsidir. Sözün qısası, heç kim seçimlərini sağlamlığı, ehtiyacı və ya rahatlığı üçün etmir. Evlərinin dizaynını, sürdükləri maşını, hətta geyimlərinə qədər hər şeyi tərif toplamaq üçün seçirlər. Ətraflarındakı insanların nə deyəcəyi onlar üçün çox əhəmiyyətlidir. Bu da həmişə hərisliyə və daha artığını istəməyə səbəb yaradır. Bəs bu ehtiras insanın nəfsinin istəklərini təmin edə bilirmi?

Allah inkar edən insanın daxilindəki bitib tükənməyən ehtirası ayələrində bizə bildirmişdir. İnsanın inkarı və qüruru artdıqca nəfsi daha da artığını istəyir. Belə ki, aşağıdakı ayələrdə inkar edən insanın vəziyyəti ən gözəl tərzdə təsvir edilir:

Məni yaratdığım kimsə ilə tək burax, Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar (verdim) və onu hər cür imkanlarla təmin etdim. (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır. (“Müddəssir” surəsi, 11-15)

Ayələrdə də ifadə edildiyi kimi, dünya həyatında nəfsin istəkləri heç bitməyəcəyinə görə insan həmişə daha artığını əldə etmək istəyir. Sahib olanadək coşğu ilə istəyir, sahib olduqdan sonra isə dərhal yeni bir şeyin həvəsinə düşür və bütün ömrü boyu belə davam edir. İnsan arzu etdiyi şeyi əldə etdikdə çox xoşbəxt olacağını düşünür, amma ilk bir neçə dəfədən sonra bunun belə olmadığını anlayır. Buna baxmayaraq, daxilindəki hərisliyin təsiri ilə yığmağa və ya daha yaxşısını almağa tamah salır. Məsələn, bir bina evi ala bilmək üçün illərlə çalışır. Ev aldıqdan 1-2 il sonra daha gözəl bir bina evi görür və artıq onu almaq istəyir. Tutaq ki, onu da aldı. Üstündən 3-5 il keçmədən şəxsi evə köçmə xəyalları qurmağa başlayır. Bəs onu aldıqdan sonra nə baş verir? Daha dəbdəbəli, bəlkə hovuzu olan və ya müxtəlif xüsusiyyətlərə malik yeni bir yer istəməyə başlayır...

Ətrafımızda bunun müxtəlif nümunələrini tez-tez görürük. İnsanlar ev, maşın, bağ evi, uşaq deyə-deyə zamanlarını tükədirlər və ölənə qədər bunlarla vaxt keçirirlər. Əlbəttə insanın bunları istəməsi normaldır, amma bu istəklərin bütün həyatını istiqamətləndirməsi olduqca mənasızdır. Belə ki, oyun və əyləncə içində bəzi oyunçular bir çox istəyinə çatarkən, böyük əksəriyyəti də arzularına çata bilmir və daxillərini bürüyən ehtirasla(hərisliklə) ölürlər.

Hərislik isə əslində çox mənasızdır. Bu, ancaq dünyanın keçiciliyinə və həyatın bir göz qırpımında tükənməsinə görə deyil. Bunu da düşünmək lazımdır ki, dünyanın ən varlı insanlarının həyatlarına baxdıqda görərik ki, onlarla otaqdan ibarət olan malikanəyə sahib olsalar da, eyni anda bütün otaqları istifadə edə bilməyəcəkləri üçün ən çox bir otağında əyləşə bilirlər. Qarderob dolu paltarları olsa da eyni anda yalnız tək bir paltarı geyinə bilirlər. Həmçinin hər saat bir paltar dəyişdirsələr də, çox qısa müddət sonra bunlardan da sıxılmağa başlayırlar. Allah`ın yaratdığı minlərlə növ yeməyə sahib olsalar belə, ən çox 2-3 qab yemək yeyə bilirlər, daha artığını yemək istəsələr, bu onlar üçün işgəncəyə çevrilir. Belə aydın olur ki, insanların davranışlarının çoxu boş tamahdan qaynaqlanır. Halbuki, açıq şüurla düşündükdə bunlar nə tamah salınacaq şeylərdir, nə də ki təkəbbür səbəbi...

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (“Ali İmran” surəsi, 14)

Unutmaq olmaz ki, bu insanın sahib olduğu hər şey yalnız Allah`ın diləməsi ilə mümkündür. Allah bəzi insanları anadangəlmə varlı edir, bəzi insanları isə ömür boyu yoxsulluqla imtahan edir. Ancaq insanın Allah`ın verdiyi nemətlərdən görə böyüklənməsi ağılsızlıqdır.

Çünki Allah insanlardan istədiyinə daha çox, istədiyinə isə daha az imkan və ruzi verə bilər. Hər iki vəziyyət də dünya həyatında kimin daha yaxşı və gözəl davranışlarda olacağını sınamaq və imtahan etmək üçündür. Bu isə bir ayədə belə ifadə edilir:

Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (“Rad” surəsi, 26)

Allah`ın nazil etdiyi din insanların yaradılışına ən uyğundur. İnsanların məntiqlərinə, mədəniyyətlərinə, təcrübələrinə əsasən etdikləri dəyərləndirmələr isə müxtəlif çətinliklərə səbəb olur. Çünki Quran əxlaqını yaşamayan bir insan hər şeyin öz nəfsinə uyğun olmağını istəyir. Ona fikrincə əhəmiyyətli olan nəfsinin istəklərinin təmin olmasıdır, bu vəziyyətin necə nəticələr verəcəyini isə çox vaxt düşünmür

Hətta düşünsə də, nəfsi ona öz istək və ehtiraslarını əhəmiyyətli göstərir. İnsan nəfsinə uyğun hərəkət etdikdə isə daha çox özünə nəzarət etməli və rahat olmalıdır. Quran əxlaqını yaşamayan insanların bu bitib tükənməyən ehtirasları Quranda belə xəbər verilmişdir:

Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır? (“Nəcm” surəsi, 24)

Bu insanlar nəfsinə zidd vəziyyət yarandıqda isə düşünmədən reaksiyalar verə, qəzəb, inciklik, duyğusallıq kimi Quran əxlaqına uyğun olmayan davranışlar göstərə bilərlər. Bu vəziyyət insanların eqoist, sevgisiz, qürurlu, qeyri-insani rəftərlarına səbəb yaradır. Bu insanlar ən çox özlərini sevirlər. Yaxınlarını, dostlarını və ya ailələrini sevdiklərini iddia etdiklərində də bu sevgi anlayışının mütləq onların nəfslərinə uyğun gəlməlidir. Yəni sevgilərində Allah`ın razılığını, rəhmətini və cənnətini güdməz, dünyəvi bəzi təmənnalara görə hərəkət edərlər.

Aydındır ki, bütün bunlar əvvəlcə insanın özünə zərər verir. İnsan nəfsinin istəklərini davamlı olaraq yerinə yetirməyə çalışarkən yorulur və nəfsinin hərisliyinin sıxıntısını yaşayır. Güvənli və rahat olmaq, orta yolu tutmaq əvəzinə, həmişə narahatlıq və qorxu ilə yaşayır. Sahib olduğu hər şeyin Allah`ın bir lütfü olduğunu dərk etmədən hərəkət etdiyi və təvəkkül etmədiyi üçün sahib olduqlarını itirməkdən və ya hadisələr öz istədiyi kimi baş vermədiyindən qorxu keçirir.




Nəfsinə uyğun hərəkət edən insanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri də sevgilərinin çox səthi olmasıdır. Bu insanların sevgiləri bir sıra süni dəyərlərə bağlıdır. Bu dəyərlərin azalması sevgilərinin anidən yox olmasına səbəb olur. Sevgilərində sadiqlik göstərmirlər. Onlara göstərilən sevgi və diqqəti də lazımı şəkildə qiymətləndirmirlər. Ailələrin övladlarından çox vaxt lazımı diqqət və anlayışı görmədikləri, rahatlıqla həll oluna biləcək problemlər səbəbindən dostluqların qəflətən sona çatması bu vəziyyətin məşhur nümunələrindəndir. Şübhəsiz ki, bu, iman gətirməyən insanların yaşadığı ən böyük mənəvi bəlalardan biridir. Çünki sevgi Allah`ın insanlara bəxş etdiyi çox gözəl bir nemətdir. İnsan yaradılışına uyğun olaraq hər zaman sevgi, mərhəmət, anlayış axtarışında olur. Şərtlərin necə olmasından asılı olmayaraq, ömrünün sonuna qədər güvənib sevə biləcəyi dostları və yaxınları olsun istəyir. Nəfsinə uyğun hərəkət edən, Quran əxlaqına uyğun düşünməyən insanlar isə həyatları boyu bu nemətdən məhrum qalacaqlar. Guya sevgi uğrunda mərhəmətdən, şəfqətdən uzaq, səbirin, xoş münasibətin olmadığı, bir çox çətinliyin yaşandığı bir mühit meydana gətirirlər.


Möminlər isə ən çox Allah`ı sevirlər. Allah`ın hər şeyi bir xeyir və gözəlliklə yaratdığını, yaşadıqları hər anın bir hikməti olduğunu, qədərlərindəkini izlədiklərini bilərək hərəkət edirlər. Allah`ın onlara yaşatdığı hər andan razı qalırlar. Rəbbimizin bəxş etdiyi bütün nemətlərə layiqincə şükr edirlər və yalnız Allah`a güvənib, təvəkkül edirlər. İman gətirənlərin əsl dost və köməkçisi Allah`dır. Möminlərin Allah`a olan sevgiləri Quranda belə bildirilmişdir:

İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (“Bəqərə” surəsi, 165)

Dünyadakı varlıqları sevərkən də bunların Allah`ın təcəlliləri, yaratma sənətindəki gözəlliklər olduğunu bilərək sevirlər. Sevgilərində səbirli, anlayışlı və mərhəmətlidirlər. Acizliklər və nöqsanlar qarşılarındakı insana daha çox şəfqətli davranmağa səbəb olur. Dünyadakı hər gözəlliyin bir çox nöqsanlarla birlikdə yaradıldığını, əsl gözəlliyin isə axirətdə olacağını bilirlər. Həyatlarının hər anında olduğu kimi, əsl sevgilərinin də axirətdəki həyatları olduğunu unutmurlar.

Nəfsinin istəkləri insanı bəzi xülyalara salır, onun gözlərini kor edir. Bu vəziyyətdə olan insan isə sürətlə əbədi fəlakətə doğru irəliləyir. Bu halda göz açıb-yumana qədər qısa olan dünya həyatında bu tələyə düşməmək və hər şeyi Allah`a qarşı təkəbbür səbəbi olaraq deyil, şükür etmək üçün istifadə etmək lazımdır. Çünki qiyamət günü malların da, uşaqların da yox olacağı çətin bir gündür. Hər şeyin darmadağın olacağı o din günü həm bunlardan heç bir əsər-əlamət qalmayacaq, həm də Allah`a qarşı işlənən hər günahın hesabı veriləcək.