Mövzu ilə əlaqəli ayələr

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir. (2/54)

Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik (və:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– (dedik). Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər. (2/57)

Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar (Allahın) onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır. (2/90)

Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər! (2/102)

Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.(2/109)

Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.(2/187)

Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və (bunu da) hiss etmirlər.(3/69)

Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.(3/117)

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.(3/135)

Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.(3/145)

Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir. (3/161)

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (3/185)

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (4/1)

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. (4/29)

Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə. (4/63)

Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.(4/64)

Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara): “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. (Mələklər də onlara): “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. (4/97)

Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz. (4/107)

Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq niyyətində ola-caqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür. (4/113)

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır. (4/128)

Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”– deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. (5/52)

Biz İsrail oğullarından əhd-peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirəndə o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. (5/70)

Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. (5/80)

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir. (5/105)

De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah) Özünə rəhmli olmağı yazmışdır. (Gələcəyinə) şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər. (6/12)

Onlar həm (insanları) haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (6/26)

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məh-kum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (6/70)

Sizi tək bir candan yaradan Odur. (Sizin üçün) qərar tutacağınız və əmanət saxlanılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah edirik. (6/98)

Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər. (6/130)

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir. (6/164)

Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. (7/9)

Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər. (7/23)

Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi kimi verdiyimiz pak şeylər-dən yeyin!”(-dedik.) Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. (7/160)

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. (7/172)

Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir! (7/177)

Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət) onu (bətnində) gəzdirdi. (Zövcəsi) ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”(– deyə) dua etdilər. (7/189)

(Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər.(7/,192)

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (9/42)

Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. (9/70)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (9/118)

Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (91/20)

Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar. (10/30)

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (10/44)

Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan) (qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (10/54)

Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”. (11/31)

Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. (Bütlər) onların ancaq tələfatını artırdı. (11/101)

Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (12/53)

Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. (13/11)

Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”. (14/45)

Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”(– deyəcəklər) (Onlara deyiləcək): “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. (16/28)

Yoxsa (kafirlər) mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. (16/33)

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (16/72)

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (16/89)

Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri özlərinə zülm edirdilər. (16/118)

Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını) yoldan çıxaranları Özümə köməkçi tutmuram. (18/51)

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (21/35)

Yoxsa onları Bizdən qoruya biləcək tanrılarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər. (21/43)

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (21/47)

Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar. (21/102)

Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. (23/103)

Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər? (24/12)

(Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər. (25/3)

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. (25/21)

Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər. (29/40)

Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız. (29/57)

Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddət üçün yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (30/8)

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. (30/9)

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (30/21)

O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik. (30/28)

Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir. (32/17)

Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır.( 33/6)

Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbirli və şükür edən hər kəs bundan ibrət alar. (34/19)

Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.( 36/36 )

Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!( 39/6 )

Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.( 40/10 )

Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.( 40/17 )

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.( 41/31 )

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?( 41/53 )

(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.( 42/11)

(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.( 42/45 )

Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.( 43/71 )

Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir.( 45/22)

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.( 49/11 )

Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir.( 50/21)

Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?( 51/21 )

Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.( 53/23 )

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyənedilmiş)olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.( 57/22 )

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.( 59/9 )

Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.( 59/19 )

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (73/20)

Hər bir kəs qazandığının girovuna çevrilir,( 74/38 )

hər kəs (öz tayına) qovuşdurulacağı zaman,( 81/7)

hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.( 81/14)

hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.( 82/5 )

Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın! (86/4 )

(O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs!( 89/27 )

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?( 2/87 )

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır.( 2/130 )

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.( 2/207 )

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.( 2/231 )

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”( 2/286 )

(Baş verəcəyinə) şübhə edil-məyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?( 3/25 )

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.( 3/30 )

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (4/110 )

Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir. (4/111)

Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. (5/30)

Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (5/32)

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.( 6/152)

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.(10/15)

De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”. (10/108)

(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (12/18 )

Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.( 12/30)

(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. (12/32 )

(Padşah qadınlara) dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.( 12/51)

Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin (bu) Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu (bunu) bilmir. (12/68 )

(Yaqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi (bu )işə sövq etdi. (Mənə isə) yaxşı səbir (gərəkdir). Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”.( 12/83 )

Hər kəsin qazandığını qoruyub saxlayan (Allah,) (buna qadir olmayan bütlər kimi ola bilərmi?) (Müşriklər) isə Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar (doğru) yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.( 13/33)

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.( 13/42 )

Allah hər kəsə qazandığının əvəzini vermək üçün (belə )(edəcəkdir). Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.( 14/51)

O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.( 16/111 )

Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər. (17/ 14 )

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (17/ 15 )

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.( 18/ 35)

O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.( 20/96)

və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”( 27/92 )

(Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.( 28/16 )

Cihada gedən məhz öz xeyri naminə bunu edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.( 29/6 )

Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək(32/13 )

Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir.( 3/37 )

De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır” (34/50)

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir. (35/8)

Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır. (35/18 )

Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.( 35/32)

Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.( 37/113)

Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (39/70)

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.( 47/38)

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.( 50/16 )

Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.( 64/14)

Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.( 65/1)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.( 67/7)

And içirəm peşmançılıq çəkən nəfsə!( 75/2)

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;( 75/14)

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,( 79/40)

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!( 82/19)

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, (91/7)